Yasamal İƏR mərkəzi

Yasamal İƏR mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə 17 saylı uşaq bağçasının nəzdində 2004-cü ildən fəaliyyət göstərir. Bundan öncə “Ailələrə dəstək” layihəsi həyata keçirilirdi. Mərkəzin işçiləri mobil xidmət göstərirdi. Mərkəzin işçiləri Xüsusi Qayğıya Ehtiyacı (X.Q.E) olan uşaqların ailələlərinə səfərlər edir, valideynlərə uşaq inkişafı və aktiv terapeya üsulları barədə məlumat verib uşaqlarla məşğələlər keçirirdilər.

2007-ci ildən Təhsil Nazirliyi Avropa Liseyinin binasında mərkəz üçün  bir otaq ayrılmış və hal-hazırda  fəaliyyətini orada davam etdirir. Yaranandan bu günə kimi mərkəzin xidmətlərindən 772 uşaq bəhrələnib. Mərkəzdə X.Q.E.olan uşaqlar üçün gündəlik qrup və fərdi məşğələlər, telefon və fərdi konsultasiyalar keçirilir. Valideynlərin uşaqları ilə ev şəraitində məşğul olmalarını təmin etmək üçün mərkəzdə oyuncaq kitabxanası yaradılıb. X.Q.E.olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi və müəyyən sahədə bacarıqlara yiyələnməsi məqsədilə mərkəzdə dərnəklər yaradılıb (kompüter, ingilis dili, bacarıqlı əllər). Valideynləri məlumatlandırmaq məqsədilə mərkəzin işçiləri tərəfindən onlara müxtəlif mövzularda (Müəssisələşmənin təsirləri, Uşaqların Normal İnkişafı, Uşaqlarda qeyri-adi davranış, Əlilliyə yanaşma qaydaları və s.) təlimlər keçirilir. 17 X.Q.E. olan uşaq inklüziv təhsilə cəlb olunub. Mərkəzin əsas məqsədlərindən biri X.Q.E. olan uşaqların gündəlik həyat bacarıqlarını inkişaf etdirmək və onları cəmiyyətə inteqrasiyasına nail olmaqdır. İƏR-Yasamal mərkəzinin Xüsusi Olimpiya Komitəsi ilə əməkdaşlığı nəticəsində 20 X.Q.E. uşaq idmanının müxtəlif növlərinə cəlb olunub (üzgüçülük, yüngül atletika, tennis), Komitə tərəfindən keçirilən yarışlarda iştirak edirlər, UAFA-nın layihəyə cəlb olunduğu müəssisələr və mərkəzlər idman avadanlığı ilə təmin olunub. UAFA-nın Bakcell ilə birgə layihəsi  nəticəsində İƏR-Yasamal mərkəzinin 50 X.Q.E. uşağı dərnəklərə cəlb olunub (rəsm, rəqs, fotostudiya).  Mərkəzdən bəhrələnən uşaqların 17-si inklüziv bağça və məktəblərə cəlb olunub.

 

Məmmədova Fidan –   Daun Sindromlu bir qızdır. Fidan DS olduğuna görə məktəb yaşı çatanda anası onu məktəbə vermək istəmirdi. Fikirləşirdi ki, xüsusi məktəbə «özükimilərin» arаsında olsa Fidan üçün daha yaxşı olar, çünki «özükimiləri»  onu DS olduğuna görə heç vaxt ələ salmazlar. Həmçinin, ana inanmırdı ki, Fidan  ümumtəhsil məktəbdə oxuya bilər. Buna səbəb yenə də Fidanın DS olduğunu qeyd edirdi. Mərkəzin işçiləri Fidanın anası ilə inklüziv təhsil barədə söhbət apardılar. Fidanın potensialı və bu günə kimi mərkəzdə əldə etdiyi nailiyyətlər bunu demeyə zəmin yaradırdı. Fidan Tibbi Pedaqoji Komissiyasının qərarı ilə ümumtəhsil inklüziv məktəbin 1-ci sinfinə qəbul olundu. İndi Fidan sinifin sevimlisidir, onun bacarıqları hamını heyran edir.

 

Rəcəbli Ləman- 10.11.03-cü il təvəllüdlü, nitq problemi olan bir qızdır. Mərkəzə gəlməmişdən öncə Ləman qapalı bir qız idi, yaşıdları ilə oynamırdı. Ləman mərkəzdə keçirilən qrup və fərdi məşğələlərə cəlb olundu. Tədricən o çox aktivləşdi. Qrup məşğələlərində o çox aktiv idi, fərdi məşğələ zamanı verilən tapşırıqların öhdəsindən asanlıqla gəlirdi və öyrənməyə çox böyük həvəs göstərirdi. Mərkəzin işçiləri Ləmanın anasına onu bağçaya verməyə məsləhət gördülər. Hal-hazırda Ləman bağçaya gedir.

 

Ailədə 3 Xüsusi Qayğıya Ehtiyacı olan uşaq var. Xammadova Alma 1998-ci il təvəllüdlü ayaqların ekvivarus defekti, Xammadova Xurma 1994-cü il təvəllüdlü əqli inkişafdan geri qalma və Xammadov Ağakərim 2003-cü il təvəllüdlü USİ.

Alma və Xurma təhsilə cəlb olunmayıblar. Xurmanın bəzi özünəxidmət bacarıqları yox idi (məs. düymələri açıb-bağlaya bilmirdi, ayaqqabılarını sərbəst geyinə bilmirdi və s.). Ağakərim bütün günü uzanmış vəziyyətdə qalırdı, xətta yeməyini də anası ona bu vəziyyətdə yedizdirirdi.

Ailə Türkmənistanda yaşayıb, sonra Bakıya köçüb. Bakıda evləri olmadığına görə kirayə qalırlar. Kirayə qaldıqları bir otaqlı mənzilin şəraiti çox aşağı səviyyədədir (nəmişlik, darısqallıq, qaranlıq). Ana işləmir, ata müvəqqəti işdə çalışır (fəhlə). Uşaqlar ictimai yerlərə aparılmır. Ümumiyyətlə ailə hər hansı bir sahədə məlumatsızdır.

 

Əvvəl mərkəzin işçiləri uşaqları məşğələyə aparıb gətirirdilər.  Uşaqlarda dəyişikliləri  görəndən sonra anası özü uşaqları aparıb gətirməyə başladı. Uşaqlar qrup və fərdi məşğələlərdə aktiv iştirak edirlər. Evdə uşaqların bacarıqları inişaf etdirmək ücün anası mərkəzin vəsaitlərdən

( oyuncaq, kitab, avadanlıq) istifadə edir.  Alma və Xurma evdə təhsilə cəlb olundular.

Kərim bütün günü uzanıq halda balaca bir otağında vaxt keçirirdi. Anası onu ancaq evin həyətinə çixarırdı. Anası ilə bir neçə dəfə söhbət aparılıqdan sonra, o Kərimi mərkəzə- qrup məşğələyə gətirdi. Uşaq  çox sevinirdi və bütün tapşırıqları yerinə yetirməyə çalışırdı. Evdə Kərimi düzgün vəziyyətdə saxlamaq ücün anasına xüsusi stul verildi. Anası Kərimi gün ərzində (yemək zamanı, oyun vaxtı) xüsusi stula oturdur, bu da Kərimin həm fiziki həm də əqli inkişafına müsbət təsir göstərir: diqqətinin artması, qeyri-adi hərəkətlərinin azalması kimi effektiv nəticələr verir.

Uşaqların anası deyir: “Bilsəydim belə yer var uşaqlarımı gətirərdim, yoxsa bütün günü evdə qalırlar, heç yerə apara bilmirəm. Belə yerlərin olması çox yaxşıdır, uşaqlar gəlib nə isə öyrənirlər”. Hübeydəyə (anası) əlavə iş təklif olundu. O, xadimə kimi İƏR mərkəzində işləyir.

 

UAFA İƏR-Yasamal mərkəzinin uşaqları keçirilən müxtəlif tədbirlərdə iştirak edərək uğurlar qazanırlar. Onların arasında bunları qeyd etmək istərdik: BP şirkətinin dəstəyi ilə X.Q.E.olan uşaqların əl işlərindən ibarət sərgi-satış, Bakı Mədəniyyət Mərkəzi ilə birgə keçirilən X.Q.E. olan uşaqların əl işlərinin “Mərhəmət işığında” adlı sərgisi. Artıq 5 ildir keçirilən “Reallığın Aynası” foto-video sərgidə İƏR-Yasamal münsiflərin qərarı ilə 1-ci yerə layiq görülmüşdür.  “Həyat tamaşa kimi” Milli Festivalı da bu sıraya daxildir.

 

Valideyn Birliyi

 

UAFA təşkilatının nəzdində 01.07.06-cı il tarixindən Valideyn Birliyi (VB) yaradılmışdır. VB İƏR-Yasamal mərkəzində fəaliyyət göstərir. Məqsəd – X.Q.E.olan uşaqların valideynlərini səfərbər edərək, uşaqlar üçün icma-əsaslı xidmətlərin təşkili və onların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətlərə cəlb etməkdir. VB dövlət və qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq edir. VB 100 nəfərə yaxın üzvü var. Yasamal VB-nin üzvləri “Buta”təşkilatının elan etdiyi qrant layihəsini udaraq “Körpəm” Uşaq Teatrının nəzdındə İntiqam Soltanın rəhbərliyi altında uşaq studiyası yaradıb. Uşaq studiyası nəfər 9 X.Q.E. olan və 3 tipik uşaqdan ibarətdir. Studiyanın uşaqları müxtəlif tədbirlərdə çıxış edirlər bu da onların cəmiyyətə inteqrasiyasını təmin edır.

Mərkəzin işçiləri və VB-nin birgə fəaliyyəti nəticəsində X.Q.E. olan uşaqlar üçün mərkəzdə gündəlik həyat bacarıqlarının bərpası, təhsilə cəlb olunması, müxtəlif yerlərə ekskursiyaların təşkili, bayramların keçirilməsi, sərgi və tədbirlərdə iştirakı nəticəsində cəmiyyətə fəal surətdə inteqrasiya edib cəmiyyətin bərabərhüquqlu üzvlərinə çevrilirlər.

 
Copyright 2010 UAFA. All Rights Reserved. Designed by www.siict.net